REGİONLAR
Ağstafalı fermerlər 1 hektar üzüm bağından 10-12 ton məhsul götürəcəklərinə əmindirlər VİDEO
Ağstafa, 19 iyun, Famil Quliyev, AZƏRTAC
Havaların isti keçməsi qərb bölgəsində üzümçülüyə müsbət təsir göstərib. Aqrotexniki qulluq işlərini yekunlaşdırmaq üzrə olan fermerlər bu il məhsuldarlığın bol olacağını bildirirlər. Bu sahənin gəlirli olduğunu nəzərə alan təsərrüfat sahibləri yeni üzüm bağları da salıblar.
Fermer Pərviz Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində 70 hektar üzüm bağı saldığını bildirib. Hazırda sahələrdə ziyanvericilərə qarşı dərmanlama işləri görülür, yaşıl budama aparılır.
Üzüm bağlarına qulluq edən kənd sakini Rövşanə Mədətova deyib: “Hazırda tənəklərin yaşıl budamasını, həm də bağlamasını edirik. İstəyirik bol məhsul yetişsin. İşimizdən də razıyıq. Vaxtlı- vaxtında əməkhaqqımızı alırıq.”
Fermerlər bu il 1 hektardan 10-12 ton üzüm götürəcəklərinə əmindirlər. Üzümün əsasən süfrə növünü becərən fermerlər son vaxtlar şərabçılıqda istifadə edilən texniki sort üzümlərə də maraq göstərirlər.
Qeyd edək ki, Ağstafa rayonunda ötən il 5,7 min ton üzüm istehsal olunub.