REGİONLAR


Ağstafalı fermerlər 700 hektar sahədə günəbaxan əkiblər

Ağstafa, 3 iyul, Famil Quliyev, AZƏRTAC

Ağstafalı fermerlər 700 hektar sahədə günəbaxan əkiblər.

Ötən illə müqayisədə bu il Ağstafada 200 hektardan artıq sahəyə günəbaxan əkilib. Rayonun aran hissəsindəki kəndlərinin demək olar ki, əksəriyyətində bu təsərrüfat sahəsinə maraq böyükdür. Məhsuldarlığı ilə seçilən günəbaxan həm də yaxşı gəlir gətirir. Ağstafalı fermerlər də bu səbəbdən hər il günəbaxan sahələrini bir qədər də genişləndirirlər.

Fermer Mirələsgər Cabbarov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Biz günəbaxanı keçən il sınaq üçün əkdik ki, görək nə effekt verir. Nəticəsi yaxşı oldu. Bu il də sahəmizi genişləndirmişik və çox yaxşı məhsul yetişdirmişik. Hazırda sahələrdə suvarma işi aparılır”.

Təsərrüfatçılar deyirlər ki, 1 hektar günəbaxanı becərib başa gətirmək üçün təxminən 800-900 manat xərc çəkirlər. Bunun müqabilində əldə etdikləri gəlir isə qənaətbəxş olur. Məsələn, ötən il hektara 2,5 ton günəbaxan götürən fermerlər məhsulun kiloqramını 80 qəpiyə - 1 manata satıblar. Bu mövsüm də qiymətlərin bu civarda olacağı gözlənilir. Rayonda əsasən yağ istehsalı üçün əlverişli olan günəbaxan yetişdirilir. Toxuma gəlincə isə, fermerlər Rusiyadan gətirilən sortlara daha çox üstünlük verirlər.

Qeyd edək ki, bitkinin yığımına avqust ayında başlanılacaq. Mürəkkəbçiçəklilər fəsiləsindən olan günəbaxandan daha çox bitki yağının istehsalında istifadə olunur. Çünki günəbaxan yüksək vitaminliliyi və yağlılığı ilə digər bitkilərdən seçilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.