REGİONLAR


Ağstafalı fermerlər günəbaxan sahəsinin hər hektarından ton yarım məhsul götürəcəklərinə əmindirlər VİDEO

Ağstafa, 11 iyun, Famil Quliyev, AZƏRTAC

Günəbaxan çox qiymətli bitkidir. Birillik ot bitkisinin əsl vətəni Amerikadır. Yeyinti sənayesində, eləcə də təbabətdə günəbaxanın toxumlarından geniş istifadə olunur. Artıq Ağstafa rayonunda neçə illərdir bu bitkinin kütləvi becərilməsi aparılır və yaxşı məhsul əldə edilir. Günəbaxan əsasən, rayonun Aşağı Göycəli və Qırılı kəndlərində becərilir. Bu il suvarma suyunun bol olması və vaxtında aparılan aqrotexniki qulluq bitkinin inkişafına da müsbət təsir edib. Hazırda sahələrdə günəbaxanın suvarılması prosesi gedir. Paralel olaraq zərərvericilərə qarşı mübarizə və bitkinin yararsız budaqlarının budanması və təmizlənməsi işi də həyata keçirilir. Fermerlər bu il 1 hektardan 1500 kiloqramdan çox məhsul götürəcəklərini deyirlər.

Fermer Nəriman Musayev AZƏRTAC–ın müxbiri ilə söhbətində bildirib: “Günəbaxan sahəsində bütün aqrotexniki qaydalara vaxtında əməl etmişik. Alaq otlarını təmizləmişik. Hazırda suvarma işləri gedir. Suvarmanı da vaxtında apara bilsək yüksək səviyyədə məhsuldarlıq gözlənilir.”

Aqronom Rasim Kərimov isə deyib: “Hazırda artıq budaqların budanması ilə məşğuluq. Zərərvericilərə qarşı tədbirlərimizi görmüşük. Sahələrdə dərmanlama işləri aparılıb. Bol məhsuldarlıq gözləyirik”.

Günəbaxan kimi keyfiyyətli yağa malik bitki çox azdır. Buna görə də o, dünyada kənd təsərrüfatı məhsulları arasında xüsusi yer tutur. Yığılan məhsul sonda günəbaxan istehsalı ilə məşğul olan emal müəssisələrinə təhvil verilir. Rayonun Qırılı kəndində fermer təsərrüfatının sahibi, ixtisası aqronom olan Nəriman Musayev neçə illərdir bu sahədə çalışdığını deyir. O, elə indiki mərhələdə günəbaxan tumlarının sayından onun məhsuldarlığının necə olacağını müəyyən edə bilir.

“Mən hər hektardan ton yarımdan artıq məhsul gözləyirəm. Bir günəbaxanın 100-120 toxumu var. Bu da təxmini hesablamalara görə, 1 hektar sahədən ton yarımdan artıq məhsul deməkdir”, - deyə N.Musayev qeyd edib.

Mürəkkəbçiçəklilər fəsiləsindən olan günəbaxan bitkisinin yağından əsasən yeyinti sənayesində istifadə edilir. Bundan başqa, o təbabətdə bir çox məlhəmlərin tərkibinə qatılır. Günəbaxandan xüsusilə revmatizm əleyhinə məlhəmlərin hazırlanmasında istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.