REGİONLAR
Ağstafalı fermerlər qarpız sahələrinin hər hektarından 40 tonadək məhsul götürürlər VİDEO
Ağstafa, 14 avqust, Famil Quliyev, AZƏRTAC
Azərbaycan Prezidentinin kənd təsərrüfatının inkişafı ilə əlaqədar həyata keçirdiyi islahatlar, qəbul edilən dövlət proqramları, bu sahəyə birbaşa diqqət və qayğının göstərilməsi fermerlərə böyük stimul verir. İndi demək olar ki, heç bir kənddə bir qarış belə boş torpağa rast gəlmək olmur. Ağstafa rayonunda fermerlər digər təsərrüfat sahələri kimi bostançılıqda da məşğul olurlar. Hazırda rayonda qarpız və yemiş əkilən sahələrdə yığım gedir.
Fermer Musa Musayev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Dörd hektar sahədə qarpız əkmişəm. Məhsul yığımına başlamışıq. Bir hektardan təqribən 40 ton məhsul götürürük. Aqrotexniki qaydalara riayət etmişik. Məhsul da göz qabağındadır. Gələcəkdə əkin sahələrini 10 hektara qədər genişləndirəcəyəm. Məhsulun satışında da heç bir problem yaşanmır. Elə sahədəcə satırıq”.
Əvvəllər qərb bölgəsinin bazarlarına respublikanın aran hissəsindən qarpız gətirilirdisə, indi bölgənin fermerləri bu məhsulla yerli bazarları təmin edirlər.
Aqronom Adıgözəl Heydanov bildirib ki, aqrotexniki qaydada qulluq apardıqları üçün bol məhsul yetişdiriblər.
Qarpız qərb bölgəsində mayın əvvəllərində əkilir və avqustun ortalarından toplanır. Havaların əlverişli keçməsi sahibkarların bol məhsul əldə edəcəklərindən xəbər verir. Torpaq mülkiyyətçiləri cari ildə rayonda 112 hektar bostan bitkisi əkiblər. Bir hektardan orta məhsuldarlıq isə 30-35 tondur. Qiymətlər də fermerləri qane edir. Hazırda yerli bazarlarda qarpızın bir kiloqramı 20-25 qəpikdən alıcılara təklif olunur.