REGİONLAR
Ağstafalı kümçü: Bir tonadək barama istehsal etməyi planlaşdırmışıq
Ağstafa, 18 may, Famil Quliyev, AZƏRTAC
Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, ipəkçiliyin dirçəldilməsi də prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Gəlirli sahələrdən olan baramaçılığa qərb bölgəsində də böyük maraq var. Ağstafada ötən ildən etibarən barama yetişdirilməsinə başlanılıb. Rayona gətirilən ipəkqurdlarının bəslənməsində artıq müsbət nəticələr əldə edilir.
Kümçü Abı Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Keçən il olduğu kimi, bu il də baramaçılıqla məşğuluq. Dövlətimizin başçısına baramaçılığın inkişafına göstərdiyi dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Biz keçən il 3 qutu, yəni 60 qram ipəkqurdu götürmüşdük. Bu il isə 15 qutu, təxminən 300 qramadək ipəkqurdu əldə etdik və 1 tona yaxın barama istehsal etməyi planlaşdırmışıq”.
Rayonda bu sahəyə maraq artdığından növbəti illərdə daha çox sakinin barama yetişdirəcəyi istisna olunmur. Belə ki, ötən il Ağstafa kümçüləri 750 qram ipəkqurdundan 1910 kiloqram barama istehsal ediblər. Bu il isə rayona 1330 qram ipəkqurdu gətirilib və 4 tona yaxın barama istehsalı nəzərdə tutulub.
Qeyd edək ki, 1 qutu toxumdan 19 qram ipəkqurdu əldə olunur. Yaxşı bəslənilərsə, 1 qutudan 50 kiloqram yaş barama istehsal etmək mümkündür. İstehsalçılara yetişdirdikləri yaş baramanın hər kiloqramı üçün 9 manat ödənilməsi nəzərdə tutulub.