REGİONLAR
Ağstafalı məktəblilər kibrit çöpü ilə arzularını reallaşdırıblar
Ağstafa, 11 noyabr, AZƏRTAC
Eyni sinifdə təhsil olan iki şagird adi kibrit çöplərindən Ağstafa parkının kiçik modelini hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, VIII sinif şagirdləri olan Fatimə və Cavid 2-3 ay ərzində topladıqları kibrit çöpü, plastik materiallar və yapışqandan istifadə etməklə maraqlı əl işi ortaya qoyublar. Ağstafalı şagirdlər parkla yanaşı, kiçik ev və gəmi modeli də hazırlamağı bacarıblar. Əl işi üç aya ərsəyə gəlib.
Rayon məktəblisi Fatimə Adıgözəlova AZƏRTAC-a bildirib ki, belə bir əl işi hazırlamaq onların çoxdankı arzusu olub. Bu əl işini düzəldərkən bir qədər çətinliklə üzləşmələrinə baxmayaraq, ruhdan düşməyib, işin öhdəsindən gələ biliblər.
Məktəblilər bu bacarıqlarını daha da inkişaf etdirmək fikrindədirlər. İstedadlı gənclər əl işlərini Ağstafa Texniki Yaradıcılıq Mərkəzində hazırlayırlar.