REGİONLAR
Ağstafalı ustanın əl işi Münhen muzeyində nümayiş etdirilir VİDEO
Ağstafa, 17 dekabr, Famil Quliyev, AZƏRTAC
Oyma sənəti qədimdən bu günümüzədək yaşadılan, inkişaf etdirilən sənət növlərindən biridir. Ağstafa rayonunda da bu sənətin sirləri gənc nəslə öyrədilir, inkişaf etdirilir, həmçinin geniş təbliğinə diqqət ayrılır.
Bu sənəti yaşadanlardan biri də rayonun Yuxarı Göycəli kəndində yaşayan usta Mobil Hüseynovdur. Onun ilk əl işi 8 yaşında düzəltdiyi saz musiqi aləti olub. İllər keçdikdə usta Mobil sazın təmiri, bəzədilməsi ilə bağlı bacarığını bir qədər də artırıb. Artıq 10 ildən çoxdur ki, peşəkar səviyyədə saz düzəldir, ağac üzərində oyma işləri ilə məşğul olur. AZƏRTAC-ın müxbiri ilə söhbətində usta saza sədəf düzməyin olduqca incəlik tələb etdiyini deyir. Onun əl işləri Bakıda bir sıra muzeylərdə də sərgilənib.
Sənətkarın bu səviyyəyə gəlib çıxmasında atası aşıq Hüseynin böyük rolu olub. O, oğluna öncə aşıq sənətini öyrədib. Ustad deyib ki, saz düzəltməzdən öncə bu musiqi alətini mükəmməl öyrənib onda yaxşı ifa etməyi bacarmaq lazımdır.
Ustanın əl işləri Ağstafa rayonu ilə yanaşı, qonşu Qazax rayonunda, həmçinin Gəncə şəhərində rəsm qalereyalarında nümayiş etdirilib. Müsabiqələrdə iştirak edən sənətkar dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunub. Onun hazırladığı sədəfli sazlardan biri Almaniyanın Münhen şəhərində, digər əl işi isə Fransa muzeyində nümayiş olunur.