REGİONLAR
Ağsu Regional Miqrasiya İdarəsi Şamaxıda maarifləndirmə təlimi keçib
Şamaxı, 12 iyun, AZƏRTAC
Şamaxıda Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydaları” mövzusunda maarifləndirmə təlimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimdə iştirak edən Şamaxı sakinlərinə və əcnəbilərə Dövlət Miqrasiya Xidmətinin elektron qeydiyyat portalından istifadə qaydaları ətraflı izah olunub. Həmçinin xidmətin saytında yerləşdirilən videoslayddan istifadə edilməklə müvafiq izahat verilib.
Bildirilib ki, viza əsasında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna edilməklə, 90 gündən artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
Təlim iştirakçılarına məlumat verilib ki, Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Habelə, DMX-nin www.migration.gov.az saytında xüsusi elektron xidmət pəncərəsi mövcuddur ki, belə şəxslər burada yaşadığı yeri tərk etmədən qısa müddət ərzində qeydiyyata düşməlidir. Ərizə daxil olduqdan sonra dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatlar Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onların olduğu yer üzrə qeydiyyat aparılır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.
Diqqətə çatdırılıb ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi inzibati məsuliyyət yaradır. Belə halların baş verməməsi üçün həm qəbul edən tərəf, həm də əcnəbilər bu məsələyə diqqətlə yanaşmalıdırlar. Ev sahibi bilməlidir ki, əcnəbi onun ünvanını tərk edərək başqa ünvana gedibsə, o, bu barədə miqrasiya orqanlarına məlumat verməlidir. Eləcə də əcnəbi yaşayış yerini dəyişibsə və yeni yaşayış yerinə gedibsə, 10 gün müddətinə yeni yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə daimi və müvəqqəti yaşamaq üçün icazə alınması ilə bağlı sənəd siyahıları təqdim olunub.