REGİONLAR


Ağsu məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində şimal rayonlarına yola düşüblər VİDEO

A+ A

Ağsu, 17 noyabr, AZƏRTAC

Ağsu rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup Prezident İlham Əliyevin tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində noyabrın 17-də şəhərin mərkəzindəki Heydər Əliyev parkından respublikamızın şimal bölgələri istiqamətində yola salınıblar. Məktəblilər 4 müəllim və 1 həkimin müşayiəti ilə əvvəlcə Şamaxıda ətraf rayonlardan olan tur-aksiya iştirakçıları ilə görüşəcək, oradan Quba, Qusar və Xaçmaza yollanacaqlar.

AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, məktəb direktorlarının, müəllimlərin və valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli yolasalma mərasimi keçirilib. Səfərə çıxan məktəblilər əvvəlcə parkda Ulu Öndərin abidəsi önünə gələrək, dahi rəhbərə öz ehtiramlarını bildiriblər. Heydər Əliyev Mərkəzində şagirdlərə Ümummilli Liderimizin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məktəblilərə uğurlu yol arzulayıb, Azərbaycanın şimal bölgəsi barədə zəngin bilgilər qazanılmasında, şən və mənalı istirahətlərində tur-aksiyanın önəmindən danışıb.

Şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova tur-aksiyanın şagirdlərin vətənpərvərlik tərbiyəsində xüsusi önəm daşıdığını vurğulayıb, layihənin təşəbbüsçüsü olan dövlətimizin başçısına minnətdarlığını bildirib.

Mərasimdə şəhər 2 saylı tam orta məktəbin şagirdi Ayşən Həsənova şimal rayonlarına edəcəkləri səfərdən məmnunluğunu bildirərək deyib: “Azərbaycanımız, onun ayrı-ayrı bölgələri barədə hələ bilmədiyim çox məlumatlar var. Bu ekskursiya biliklərimizin zənginləşdirilməsində mühüm rol oynayacaq. Dördgünlük səfər zamanı Quba, Qusar və Xaçmaz rayonları, bu yerlərin tarixi, maddi-mədəniyyət abidələri, adət-ənənələri, müstəqilliyimizdən sonrakı illərdə qazandığı uğurları barədə hərtərəfli məlumat alacaq, gəzməli, görməli yerləri ilə tanış olacağıq”.

Sonda məktəblilər Quba-Qusar-Xaçmaz istiqamətində yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.