İQTİSADİYYAT
Ağsu rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının nəticələri uğurlu olmuşdur VİDEO
Ağsu, 19 aprel (AZƏRTAC). Ağsu rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda hesabat dövrünü əhatə edən və qarşıda duran vəzifələrə həsr olunmuş məruzə dinlənilmişdir.
Bildirilmişdir ki, bu müddətdə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 335,6 min manat artaraq 32 milyon 305 min manata çatmışdır.
Rayonda tikinti-quraşdırma və abadlıq işləri geniş vüsət almışdır. Ağsu şəhərində və rayonun kəndlərində məişət xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin inzibati binası tikilib istifadəyə verilmişdir.
Qeyd olunmuşdur ki, rayonun Pirhəsənli kəndində kənd təsərrüfatı məhsullarının saxlanılması üçün 500 tonluq anbarın, Dövlət Miqrasiya Xidmətinin regional şöbəsi üçün yeni inzibati binanın, Keçdiməz, Dilman və Muradlı kənd məktəbləri üçün binaların inşası davam etdirilmişdir.
Rayonda fəaliyyət göstərən emal müəssisələrinin, xüsusilə “Az-Qranata” MMC-nin şirə və şərab emalı zavodunda məhsulların çeşidini artırmaq, daxili və xarici bazarlara daha keyfiyyətli məhsul çıxarmaq üçün yeni texnologiyalar tətbiq edilmişdir.
Rayonda aqrar sahənin inkişafı, o cümlədən bitkiçilik və heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində ardıcıl işlər aparılmışdır. Heyvandarlıq məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artmış, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün səmərəli tədbirlər görülmüşdür. Cari ilin məhsulu üçün əkilmiş 36708 hektar taxıl sahəsində aqrotexniki tədbirlər həyata keçirilmişdir.
Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatında həyata keçirilən tədbirlər barədə də ətraflı danışılmışdır.
Çıxışlarda Prezident İlham Əliyevin əhalinin kütləvi surətdə tibbi müayinədən keçirilməsi haqqında tapşırığının rayonda müvəffəqiyyətlə icra olunduğu, eləcə də tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən də danışılmışdır. Qeyd olunmuşdur ki, rayon mərkəzi xəstəxanası üçün inşa edilən yeni binada işlər davam etdirilir.
Yığıncaqda qarşıda duran vəzifələrdən, o cümlədən yaz-tarla işlərinin müvəffəqiyyətlə aparılmasından, kənd yaşayış məntəqələrinin təbii qaz, su ilə təchizi, yol çəkilişi sahəsində görüləcək təxirəsalınmaz vəzifələrdən də ətraflı danışılmışdır.