REGİONLAR
Ağsu rayonunun Kalva kəndi ərazisində baş verən yanğın söndürülüb
Ağsu, 24 avqust, AZƏRTAC
Ağsu rayonunun dağlıq zonasında yerləşən Kalva kəndi ərazisində baş verən yanğın avqustun 24-də gecə saat 4 radələrində tam nəzarət altına alınıb və səhər saat 7 radələrində söndürülüb.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildiriblər ki, dünən saat 13 radələrində yanğının başladığı ərazi hazırda nəzarətdə saxlanılır, közərən və tüstülənən yerlərə yenidən su vurulur.
Yanğın Kalva kəndinə 5-6 kilometr məsafədə 62 hektar ərazini əhatə edib. Hadisənin qarşısının alınmasında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı, İsmayıllı, Göyçay, Kürdəmir və Qobustan rayonlarındakı canlı qüvvəsi böyük fədakarlıq göstərib. Yanğının söndürülməsində Kalva və ətraf kəndlərdən 40-dan çox sakin də fəal iştirak edib.