REGİONLAR
Ağsu rayonunun Çaparlı və Qiyaslı kəndlərinə təbii qaz verildi
AZƏRTAC xəbər verir ki, eyni icra nümayəndəliyinə daxil olan, bir-birinə yaxın yaşayış məntəqələri şkaf tipli tənzimləyicilər quraşdırılmaqla ikipilləli sistem üzrə qazlaşdırılıb. Ümumilikdə qazlaşdırılmada 25 min 614 metrədək müxtəlif diametrli daşıyıcı polietilen və yerüstü polad borulardan istifadə olunub. Bütün evlər sayğaclaşdırılıb.
Təbii qazın verilməsi ilə əlaqədar hər iki yaşayış məntəqəsinin sakinlərinin iştirakı ilə Çaparlı kəndində təntənəli mərasim keçirildi.
Mərasimi açan rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Ağsu rayonunda sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan, kənd yaşayış məntəqələrində sosial məsələlərin həlli istiqamətində həyata keçirilən layihələrdən danışdı. Qeyd edildi ki, artıq rayonda 457 fərdi mənzili əhatə edən Ərəbmehdibəy, Xəlilli, Qasımbəyli, Mustafalı və Dədəli kəndlərində də qazlaşdırma ilə əlaqədar tikinti-quraşdırma işləri tam başa çatdırılıb. 217 mənzili əhatə edən daha 4 kənddə isə bu iş sürətlə davam etdirilir.
Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev, İB-nin əsaslı tikinti şöbəsinin rəis müavini Hikmət Əsgərov çıxış edərək, respublikada bütün yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışdılar.
Kənd ağsaqqalları, ziyalılar çıxış edərək regionlarda yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatına, insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.