Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illər Ağsu şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən 160 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, İdman Kompleksi, 3000 yerlik şəhər stadionu, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi, əlil və şəhid ailələri üçün 32 mənzilli 2 yaşayış binası inşa edilmiş, Mədəniyyət Sarayı, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi əsaslı təmir olunmuş, şəhərin su təchizatı sistemi, şəhərdaxili avtomobil yolları yenidən qurulmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ağsuda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 33 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin