REGİONLAR
Ağsu və Lənkəranda sahibkarlar üçün treninqlər
Bakı, 27 noyabr, AZƏRTAC
Ağsu və Lənkəranda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mövcud və yeni ixrac bazarlarına çıxış imkanları, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, sənayedə brendləşmə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər mövzularını əhatə edən treninqlərdə Avropa və digər xarici ölkələrə ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bundan başqa, treninqlərdə www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat verilib.
Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.