REGİONLAR
Ağsu: xüsusi həkim briqadası müayinəyə gələ bilməyən yaşlı insanlara evlərində xidmət göstərir VİDEO
Ağsu, 9 mart, AZƏRTAC
Prezident İlham Əliyevin göstərişinə əsasən ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinəsi ilə əlaqədar fevralın 15-dən başlanan aksiya Ağsu rayonunda da müvəffəqiyyətlə aparılır.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildirilib ki, sakinlər mərkəzi xəstəxanada, habelə 10 həkim məntəqəsində kütləvi dispanserizasiyadan keçirilirlər. Xüsusi həkim briqadası müayinəyə gələ bilməyən yaşlı insanlara evlərində xidmət göstərir.
Qeyd edək ki, rayonun 78 min 312 nəfər əhalisi var. Onlardan 54 min 114 nəfəri 18 yaşdan yuxarı olanlardır. Hər gün orta hesabla 800-850 nəfər tibbi müayinə olunur. Ümumiyyətlə, indiyədək 18 min 237 nəfər müayinədən keçirilib. Onlardan 2311 nəfəri ambulator, 92 nəfəri stasionar müalicəyə cəlb edilib, 12 nəfərdə isə cərrahi əməliyyat aparılıb. 37 nəfər müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib.
Rayonda əhalinin kütləvi tibbi müayinəsi əvvəlcədən tərtib olunan qrafik əsasında aparılır. Sakinlər onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə bu xeyirxah aksiyanın təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.