QAN YADDAŞI
Ağsuda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul olunub
Ağsu, 31 mart, AZƏRTAC
Ağsuda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kütləvi tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, martın 31-də ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib. Yığıncaqda zaman-zaman xalqımıza qarşı törədilən qətliamlar, bu qətliamların səbəbkarları barədə konkret tarixi faktlar diqqətə çatdırılıb. Vurğulanıb ki, 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərliyi ilə həyata keçirilən növbəti qırğınlarda Ağsu ərazisinin də daxil olduğu Şamaxı qəzasında 86 kənd dağıdılıb, insanlar kütləvi surətdə vəhşicəsinə qətlə yetiriliblər.
Ümumrayon yığıncağında ötən əsrin sonlarında Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalı zamanı Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən daha bir dəhşətli soyqırımının həyata keçirildiyi də diqqətə çatdırılıb. Qeyd olunub ki, əsrin faciəsi olan Xocalı soyqırımı, etnik təmizləmə siyasəti məhz erməni vəhşiliklərinin ən dəhşətli faktlarındandır. O vaxtlar “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz havadarlarının köməyi ilə minlərlə azərbaycanlını qətlə yetirib, torpaqlarımızın 20 faizini işğal edib.
Yığıncaqda təəssüflə vurğulanıb ki, Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi bu günədək hələ də yerinə yetirilməyib. Bu, həm də dünyanın aparıcı dövlətlərinin hadisələrə ikili standartlardan yanaşmasının nəticəsidir.
Çıxışlarda bildirilib ki, haqq-ədalət gec-tez öz yerini tutacaq. Prezident İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti, uğurlu xarici siyasət xətti məhz bunu söyləməyə əsas verir. Bu gün Azərbaycan regionun ən güclü dövlətidir, torpaqlarımızı hər zaman azad edə biləcək qüdrətli ordumuz var. Artıq dünya dövlətləri bizim haqq işimizi müdafiə edir, bir sıra ölkələr və beynəlxalq qurumlar ermənilərin azərbaycanlılara qaşı törətdiyi soyqırımını tanıyırlar.
Tədbirdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə əlaqədar tarixi faktlara əsaslanan videoçarx nümayiş etdirilib.
Sonda ümumrayon yığıncağının iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət qəbul olunub.