REGİONLAR
Ağsuda bu il süni mayalanma yolu ilə 195 baş buzov alınıb
Ağsu, 26 sentyabr, AZƏRTAC
Ağsu rayonunda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Təkcə bu ilin ötən dövründə süni mayalandırma yolu ilə 195 baş buzov alınıb.
Bu barədə rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, rayonda inəklərin cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlərə 2008-ci ildən başlanıb və indiyədək təkcə süni mayalandırma yolu ilə 6400 başadək bala alınıb. Hazırda rayonda 6 nəfər süni mayalandırma texniki fəaliyyət göstərir.
Qeyd edək ki, Prezident İlham Əliyevin heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında 2015-ci il 19 avqust tarixli Sərəncamı bu sahədə işlərə güclü təkan verib. Sərəncama əsasən yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən subsudiyalar verilir.