REGİONLAR
Ağsuda canavar iki sakinə hücum edib VİDEO
Ağsu, 26 oktyabr, Adil Ağayev, AZƏRTAC
Ağsu rayonunun Növcü kənd sakini, 1973-cü il təvəllüdlü İlham Məhərrəmov oktyabrın 25-də axşamüstü kəndin dağətəyi ərazisində qoyunları otararkən canavarın hücumuna məruz qalıb.
Hazırda orta ağır dərəcəli bədən xəsarəti ilə mərkəzi rayon xəstəxanasının cərrahiyyə şöbəsində müalicə olunan İlham Məhərrəmov AZƏRTAC-ın müxbirinə hadisə barədə danışarkən deyib: “Qoyunları otararkən dağətəyi ərazidən iri canavarın gəldiyini gördüm. O, tək idi. Beləsinə yalquzaq deyirlər. Nə qədər səs-küy salsam da, onu uzaqlaşdıra bilmədim. Qarşımdakı qoyunlara hücum edərək bir göz qırpımında dördünü yerə sərdi. İri daş götürüb canavara çırpdım. Zərbə güclü olduğundan yerə yıxıldı, lakin qəfildən qalxıb üstümə tullandı. Nə edəcəyimi bilmədim. Mənim və yanımdakı 8 yaşlı oğlum Əkbərin qışqırtısına yaxınlıqdakı mal-qara otaran sakinlər köməyə gələrək, məni yırtıcının əlindən xilas etdilər”.
Hadisədən təxminən bir saat sonra qonşu Padar kəndində də oxşar hadisə yaşanıb. Həmin canavar 1981-ci il təvəllüdlü Bəhruz Bəhramova həyətinin qarşısında hücum edib. Belə ki, Bəhruz örüşdən qayıdan qoyun-quzunu həyətə salmaq istəyəndə canavarın hücumuna məruz qalıb. Burada da qoyunlardan 4-ünə xəsarət yetirən yalquzaq Bəhruzun üzərinə tullanıb. Son anda səs-küyə sakinlər tökülüşüb gəlib və onu canavarın əlindən qurtarıblar.
Hazırda hər iki yaralı xəstəxanadadır. Yalquzağın çox təhlükəli olduğunu bildirən sakinlər, ərazidə 10-12 baş canavar sürüsü gördüklərini də söyləyirlər.