REGİONLAR
Ağsuda dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri maarifləndirilir
87 saylı Ağsu-İsmayıllı dairə seçki komissiyasının inzibati binasının iclas zalında komissiya üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün üçgünlük maarifləndirici kurslara start verilib.
AZƏRTAC xəbər verir ki, kursların ilk məşğələsinə dairə seçki komissiyasının 9 üzvü və 56 məntəqə sədri cəlb olunub. Onlara “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq seçki siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqata şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və bu kimi digər istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri, seçici siyahıları ilə iş qaydası tədris olunub.
Mövzular ətrafında rayon icra hakimiyyəti hüquq şöbəsinin müdiri Tofiq Kərimov, rayon məhkəməsinin sədri Tahir İsmayılov və dairə seçki komissiyasının sədri Azad Dursunəliyev çıxış ediblər.
Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.