CƏMİYYƏT
Ağsuda hər gün mindən çox sakin tibbi müayinədən keçirilir VİDEO
Ağsu, 21 fevral (AZƏRTAC). Prezident İlham Əliyevin əhalinin sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq Ağsu rayonunda da uğurla icra olunur.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Şəhrəbani Məlikova AZƏRTAC-a bildirmişdir ki, dövlətimizin başçısının vətəndaşlar tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanan bu humanist göstərişinə Ağsuda da yüksək məsuliyyətlə yanaşılır. Baş həkim qeyd etmişdir ki, fevralın 17-dən mayın 1-dək həyata keçiriləcək aksiyaya 70 min nəfərə yaxın sakin cəlb olunacaqdır. Əhali tərtib olunmuş qrafik əsasında mərkəzi rayon xəstəxanasında, ucqar dağ kəndi olan Kalva kənd xəstəxanasında, habelə 7 həkim məntəqəsində hərtərəfli müayinə edilir. Müxtəlif ixtisaslar üzrə 8 briqadada təmsil olunmuş 45 həkim yerlərdə sakinləri müayinədən keçirir, onlara lazımi məsləhətlər verirlər.
İndiyədək müayinələrə 5000 vətəndaş cəlb olunmuşdur. Təkcə fevralın 21-də müayinədən 1200 nəfərə yaxın sakin keçmişdir.