REGİONLAR
Ağsuda taxıl biçini kampaniyasına 100-ə yaxın kombayn cəlb olunub
Ağsu, 27 iyun, AZƏRTAC
Ağsu rayonunda taxıl biçini kampaniyası sürətlə davam edir və artıq 19 min 205 hektar zəminin məhsulu yığılıb.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, cari mövsümdə rayonda 33 min hektardan çox sahədə taxıl yetişdirilib. Hazırda 100-ə yaxın kombayn, o cümlədən digər bölgələrdən 50 kombayn biçin kampaniyasına cəlb olunub.
Rayonun dağətəyi və aran ərazilərində arpa biçini artıq başa çatıb, indi isə buğda biçilir. Arpa sahələrində orta məhsuldarlıq hər hektardan 22, buğda zəmilərində isə 25 sentnerdir. Bir sıra ərazilərdə, o cümlədən Padarqışlaq, Kəndoba, Gəgəli, Çaparlı, Xəlilli ərazi vahidlərində məhsuldarlıq daha yüksəkdir. Rayonda iri toxumçuluq təsərrüfatı olan və cari mövsümdə 1000 hektara yaxın sahədə məhsul yetişdirən “Süsən Aqro” MMC-də orta məhsuldarlıq hələlik 55-57 sentnerdir. Sahibkar Azad Bağırova məxsus 365 hektar toxumluq, 500 hektar ərzaq və yem üçün yetişdirilən zəmilərdə isə orta məhsuldarlıq 50 sentner təşkil edir.