CƏMİYYƏT
Əhvali-ruhiyyənin təbii indikatoru
Bakı, 1 avqust, AZƏRTAC
Ətirli drasena yaraşıqlı otaq bitkisidir, xalq arasında ona "xoşbəxtlik ağacı" da deyirlər. Həmin ad bitkiyə bir sıra unikal keyfiyyətlərinə görə verilib. Drasena əhvali-ruhiyyənin təbii indikatoru sayılır. Otaqda sakitlik və xoş ovqat hökm sürəndə çox yaxşı inkişaf edir və çiçəkləri ilə gül həvəskarlarını sevindirir. Gərginlik və əsəbi şərait olan yerlərdə qısa vaxtda məhv olur.
AZƏRTAC xəbər verir ki, ətirli drasena aqavakimilər sinfinə aid olan həmişəyaşıl kol bitkisidir və həmin sinfə aid 150-yə qədər bitki məlumdur. Asiya və Afrikanın tropik bölgələri onun vətəni hesab edilir. Təbiətdə drasena 6 metrə qədər yüksəlir və ağ rəngdə ətirli çiçəklər açır.
Bitkinin tünd yaşıl yarpaqlı növləri yarımkölgə şəraitində özünü yaxşı hiss etsə də, onun işıqlı otaqda saxlanılması məsləhətdir. Günəş şüaları birbaşa bitkinin üzərinə düşməməlidir. Alabəzək yarpaqları olan növlər kölgəyə qoyulanda əlvan rəngini itirir. Şərqə və ya cənub-qərbə baxan pəncərənin qarşısı dibçəyin qoyulması üçün ən optimal yerdir.
Otağın havası çox quru olanda əvvəlcə yarpaq ucları saralır, sonra isə tam solaraq tökülür. Onun qarşısının alınması üçün dibçək nəm keramzit üzərinə qoyulmalıdır. Drasenaya su püskürtmək lazım deyil, çünki yarpaqlar arasında qalan su və suya qonan toz hissəcikləri zərif yarpaqları çürüdür.