REGİONLAR


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Astarada vətəndaşları qəbul edib

A+ A

Astara, 16 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.

AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Astara şəhərindəki Heydər Əliyev Mərkəzində cənub bölgəsinin vətəndaşlarını qəbul edib.

Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin iştirak etdiyi qəbulda əsasən sağlamlıq imkanları məhdud olan insanların müalicəsi, işə qəbul, qadın və uşaq hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə maddi yardımların verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərə baxılıb.

Müraciətlərin bir çoxu elə yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb.

Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova qəbuldan sonra Astara rayonunun fəal qadınlarının bir qrupu ilə görüşüb.

Ölkəmizdə ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr barədə tədbir iştirakçılarına məlumat verən H.Hüseynova qadınların məşğulluğu, erkən nikah hallarının qarşısının alınması, qadın sahibkarlara dəstək verilməsi, qadınların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Müzakirələr zamanı qadınları narahat edən bir çox məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.