REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bərdədə vətəndaşlarla görüşəcək
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova martın 3-də Ağcabədi, Laçın, Xocavənd, Tərtər, Füzuli, Ağdam, Beyləqan, Bərdə rayonlarının sakinləri üçün qəbul keçirəcək.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, saat 14:00-da Bərdə rayonundakı Yeni Azərbaycan Partiyasının binasında təşkil olunacaq qəbulda vətəndaşların qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.
Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.
Görüş çərçivəsində Bərdə rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.