REGİONLAR


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Qusarda vətəndaşlarla görüşüb  VİDEO

Qusar, 21 iyul, Elxan Yusifli, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyulun 21-də Qusar şəhərində şimal bölgəsindən olan vətəndaşların qəbulunu keçirib.

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan sakinlərin iştirak etdiyi qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə bağlı müraciətlərə baxılıb.

Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbulda Komitənin sədri Hicran Hüseynova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat verib. Eyni zamanda, şimal rayonlarında qeydə alınan erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb və hər bir vətəndaşın sualları fərdi qaydada cavablandırılıb, eyni zamanda, müraciətləri qeydə alınıb.

Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbul başa çatdıqdan sonra Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. Görüş çərçivəsində Qusar rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.