REGİONLAR


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Sabirabadda vətəndaşlarla görüşüb

Sabirabad, 30 may, Mahir Babayev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mayın 30-da Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.

Neftçala, Biləsuvar, Cəbrayıl, Şirvan, Saatlı, Salyan, Hacıqabul və Sabirabad rayonlarından olan sakinlərin iştirak etdikləri qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb.

Qəbulda Komitənin sədri Hicran Hüseynova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon sakinlərinə məlumat verib. Eyni zamanda, Sabirabad rayonunda baş verən erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb və hər bir vətəndaşın sualları fərdi qaydada cavablarla təmin edilib, həmçinin müraciətləri qeydə alınıb.

Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olan məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edib, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. Onların müraciəti dinlənilib və təklifləri nəzərə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.