İQTİSADİYYAT
“Ailə TV”nin baza paketində tarif dəyişdiriləcək
Bakı, 5 avqust, AZƏRTAC
Bu il sentyabrın 1-dən kabel televiziyası operatorlarında baza paketinə görə aylıq abunə haqqı 10 manat tətbiq olunacaq. Bu məqsədlə "Ailə TV" kanallar paketi də yenilənəcək.
"Caspian Telecom"un mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, baza paketində tarif dəyişikliyinə səbəb ilk növbədə məzmunlu və daha keyfiyyətli televiziya yayımının təmin olunmasıdır. Tarif dəyişikliyindən sonra rəqəmsal yayım baza paketində müxtəlif mövzuları əhatə edən ən baxımlı və əhali arasında yüksək tələbata malik telekanallar cəmləşəcək. Bundan əlavə baza paketinə daxil olan müəyyən telekanallar bir neçə dildə yayımlanacaq.
Tarif dəyişikliyi ilə yanaşı kabel televiziyası xidmətlərinin keyfiyyətinin artırılması və yüksək keyfiyyətli yayımın təmin olunması gündəmdədir. Bununla bağlı telekanalların yayımında vahid standartların işlənməsi, ən qabaqcıl texnologiyaların tətbiqi, kabel televiziyası operatorlarının əhatə dairəsinin genişləndirilməsi və digər texniki məsələlərin icrasına başlanılıb.