REGİONLAR
Ailə dəyərlərinin qorunub saxlanması prioritet məsələdir
Kürdəmir, 21 iyun, AZƏRTAC
Xalqımız üçün uzaq keçmişdən gələn təmiz və nümunəvi ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzi bu gün prioritet məsələlərdən biridir. Unutmaq olmaz ki, insan alveri, erkən nikah, qan qohumları arasında ailə həyatı qurmaq kimi mənfi hallar bu dəyərlərə təsirsiz ötüşmür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin birgə təşkilatçılığı ilə iyunun 21-də Kürdəmirdəki Heydər Əliyev Mərkəzində “Regionlarda məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınması sahəsində maarifləndirmə kampaniyaları” layihəsi çərçivəsində keçirilən tədbirdə səsləndirilib.
Rayon rəhbərlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, valideynlərin, qadınların, gənclərin iştirak etdikləri maarifləndirici tədbirdə icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və başqaları çıxış ediblər. Çıxışlarda ailə dəyərlərinin müəyyən təsirlərə məruz qalmasına baxmayaraq, qorunub saxlandığı bildirilib və bu dəyərlərin yad təsirlərdən qorunmasının zəruriliyi vurğulanıb. Xüsusilə məişət zorakılığının qadın və uşaqlar arasında törətdiyi fəsadların əslində milli-mənəvi dəyərlərimizə yad olduğu diqqətə çatdırılıb.
Çıxışlarda erkən nikahın fəsadlarından bəhs edilib və qeyd olunub ki, bu cür hallar əsasən valideynlərin təsiri ilə baş verir. Çünki yetkinlik yaşına çatmayan qızların təfəkkürü kifayət qədər formalaşmadığından onlar düzgün seçim barədə qərar verə bilmirlər. Erkən nikah əslində böyük məsuliyyətsizlikdir və qızların psixologiyasına mənfi təsir göstərir. Onların ailə məsuliyyətini, ailə “yükünü” öz zərif çiyinlərində daşımağa sadəcə olaraq gücləri çatmır.
Bildirilib ki, qadın hüquqlarının müdafiəsi, onların idarəetməyə cəlb olunması ümummilli lider Heydər Əliyevin hər iki hakimiyyəti dövründə diqqət mərkəzində saxlanılıb. Milli Məclis tərəfindən 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. 2011-ci ildə isə Milli Məclis Ailə Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edərək qadınlar üçün nikah yaşını 18 yaş müəyyən edən və qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan müvafiq normalar qəbul edib. Dövlətimizin başçısının 2011-ci il 24 noyabr tarixli Fərmanına əsasən "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun icraçını təmin edən qurumların səlahiyyətləri müəyyən olunub və yeni normativ sənədlər qəbul edilib.
Diqqətə çatdırılıb ki, son vaxtlar insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqrama əsasən, qadın alverinə səbəb olan erkən nikahlar, məişət zorakılığı, işsizlik və sair kimi sosial problemlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilib. Bundan əlavə, Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli qərarı ilə "Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları” təsdiqlənib. Məişət zorakılığı ilə bağlı məlumat bankında məlumatların toplanması və konfidensiallığı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təmin olunur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.