REGİONLAR


Ailə dövlətin və cəmiyyətin həyatında mühüm rol oynayır

Qax, 15 may, Mustafa Dadaşov, AZƏRTAC

Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməldaşı hesab olunub. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu fikir Beynəlxalq Ailə Günü münasibətilə mayın 15-də Qax rayonunda keçirilən tədbirdə səsləndirilib.

İlisu kəndindəki “İlisu” pansionatında keçirilən tədbirdə nümunəvi ailələr, ziyalılar, ağsaqqal və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova bildirib ki, Azərbaycan xalqı hər il mayın 15-ni Beynəlxalq Ailə Günü kimi qeyd edir. BMT-nin Baş Assambleyasının 1993-cü il tarixli qətnaməsinə uyğun olaraq hər il keçirilən bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini ailə problemlərinin həllinə yönəltməyə xidmət edir.

Çıxışlarda cəmiyyətin formalaşması və saflaşmasında ailənin rolundan ətraflı söz açılıb. Vurğulanıb ki, ailə nəsillərin mədəni və tarixi varisliyini, cəmiyyətin mənəvi dəyərlərinin qorunmasını təmin edən əsas elementdir. Müstəqil Azərbaycanda dövlət-ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, rifahının daha da yaxşılaşdırılması, milli dəyərlər üzərində inkişaf etdirilməsi üçün çalışıb.

Tədbirdə iştirak edən nümunəvi ailələrə, o cümlədən 47 il birgə ömür sürmüş İlisu kəndindən Rəhimovlar ailəsinə hədiyyələr təqdim olunub.

Tədbir çay süfrəsi ətrafında konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.