İQTİSADİYYAT
“Air Arabia” aviaşirkəti Şarca-Bakı-Şarca istiqamətində uçuşlara başlayacaq
Bakı, 21 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliyinin “Air Arabia” aviaşirkəti mart ayından Şarca-Bakı-Şarca istiqamətində uçuşlara başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 21-də Azərbaycanın “SKY STAR TRAVEL” turizm şirkətinin yeni layihəsinin təqdimat mərasimində məlumat verilib.
Mərasimdə bildirilib ki, bununla bağlı bu ilin yanvarında “SKY STAR TRAVEL” turizm şirkəti ilə “Air Arabia” aviaşirkəti arasında müqavilə imzalanıb.
“Air Arabia” şirkətinin meneceri Konstantin Kurilo “SKY STAR TRAVEL”in turizm sahəsinin inkişafı istiqamətində təşəbbüslərlə çıxış edərək, maraqlı layihələr həyata keçirdiyini deyib. Qeyd olunub ki, Azərbaycan uğurlu iqtisadi inkişafı və dayanıqlı ictimai-siyasi sabitliyi nəticəsində xarici turistlər və investorlar üçün cəlbedici ölkəyə çevrilib.
Vurğulanıb ki, bu ilin mart ayından etibarən “Air Arabia” Şarca-Bakı-Şarca istiqamətində 162 yerlik “Airbus 320” təyyarələri ilə həftədə 4 dəfə olmaqla, mütəmadi uçuşlara başlayacaq.
Bağlanan müqaviləyə əsasən, “SKY STAR TRAVEL” dünyanın tanınmış aviaşirkəti olan “Air Arabia”nın Azərbaycandakı rəsmi baş satış agenti təyin edilib.
Həmçinin nəzərə çatdırılıb ki, “Air Arabia” Yaxın Şərq, Şimali Afrika, Asiya və Avropa ərazisində fəaliyyət göstərən 120 marşrut xətti üzrə uçuşlar təşkil edir.
Səyahətçilər daxili turizmlə yanaşı, Şarca-Qəbələ, Şarca-Naxçıvan istiqamətlərində birbaşa aviareyslərdən də istifadə edə biləcəklər.