DÜNYA
“Airbus” Böyük Britaniyanı ölkədən gedəcəyi ilə hədələyir
Bakı, 14 iyun, AZƏRTAC
Avropanın “Airbus” aviasiya istehsalı konserni Böyük Britaniyanın “Brexit” çərçivəsində yerinə yetirməli olduğu və müzakirəyə çıxarılmayan tələblər irəli sürüb, əks halda kompaniya istehsalı ölkədən çıxaracaq.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Airbus” konserninin prezidenti Fabris Brejye “The Sunday Times” qəzetinə müsahibəsində əməkdaşların, ticarət tariflərinin və tənzimləyici şərtlərin azad hərəkəti barədə minimal tələblər qoyduğunu bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya Aİ-nin tərkibindən çıxdıqdan sonra konsernin bütün dünyadakı əməkdaşlarının ölkəyə azad daxilolma hüququ saxlanmalı, təyyarələrin ehtiyat hissələrinə heç bir əlavə vergi qoyulmamalı, həmçinin müəyyən tənzimləmə standartları qorunmalıdır. Belə olmazsa, Böyük Britaniya gələcəkdə “Airbus” istehsalını itirə bilər.
“Yeni zavoda qalanda isə, dünyanın istənilən yerində zavod tikmək asandır və bu barədə bizim çox təklifimiz olacaq”, - deyə konsernin prezidenti bildirib.
Qeyd edək ki, dünyadakı təyyarələrin yarısının qanadları konsernin Birləşmiş Krallığın Filton və Broutondakı iki zavodunda istehsal olunur. Bu müəssisələrdə təxminən 10 min insan çalışır. Bununla yanaşı, “Airbus” dolayısı ilə 100 min nəfəri işlə təmin edir.