DÜNYA
“Airbus” şirkətinin robot-vertolyotu ilk sərbəst uçuşunu həyata keçirib
Bakı, 24 iyun, AZƏRTAC
Sürücüsüz avtomobillər artıq yollarda uğurla hərəkət etdikləri halda, sürücüsüz uçan aparatlar hələ öz inkişafının başlanğıcındadır. Dünyada tanınmış “Airbus” şirkətinin ekspertləri sürücüsüz vertolyotu uğurla sınaqdan keçiriblər.
AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, robot-vertolyotun sınaq nümunəsi “VSR700 Optionally Piloted Vehicle” (OPV) adlandırılıb. “VSR700” ilk sınaq zamanı uçuş, eniş, dayanma, şaquli uçuş və təyin edilmiş marşrut üzrə hərəkətləri yerinə yetirib. Həmçinin kabinədə əyləşmiş pilot aparatın işində nasazlıq olduğu halda idarəetməni həyata keçirmək imkanına malik idi, amma onun müdaxiləsinə ehtiyac olmayıb.
Sınaqlar başa çatdıqdan və konstruksiya üzərində təkmilləşdirmələrdən sonra “VSR700” robot-vertolyotunun yekun versiyası 250 kiloqram ağırlığında yükü havaya qaldırmaq qabiliyyətinə malik olacaq və uçuş vaxtı 10 saat təşkil edəcək.