QAN YADDAŞI
“Ajara PS” qəzeti 20 Yanvar faciəsindən yazır
Tbilisi, 19 yanvar, AZƏRTAC
Batumidə geniş oxucu kütləsinə malik olan “Ajara PS” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc edilib.
Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılovun müəllifi olduğu məqalədə vurğulanıb ki, 1990-cı il yanvarın 20-si Azərbaycan üçün həm qanlı faciə günü, həm də xalqımızın tarixində şərəfli səhifədir. Bildirilir ki, ərazisini erməni təcavüzündən qorumaq və azadlıq uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqı həmin gecə totalitar sovet rejimi tərəfindən amansız qətliama məruz qalıb.
Müəllif xalqımızın ümummilli lideri Heydər Əliyevin bütün təhlükə və təzyiqlərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini bildirib.
Məqalədə Ulu Öndərin faciə ilə əlaqədar xalqımıza başsağlığı verməsi, qətliamı törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsi xüsusi vurğulanıb. Qeyd edilib ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra mümkün olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi