CƏMİYYƏT


“Akademik Abel Məhərrəmov. Biblioqrafiya” kitabı çapdan çıxıb

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycanın tanınmış ziyalısı, Bakı Dövlət Universitetinin (BDU) rektoru, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli akademik Abel Məhərrəmovun həyat və fəaliyyətinə həsr olunan “Akademik Abel Məhərrəmov. Biblioqrafiya” kitabı nəşr edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin qərarı ilə “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından olan biblioqrafik məlumat kitabında səriştəli təşkilatçı və bacarıqlı universitet rəhbəri akademik A.Məhərrəmovun keçdiyi mənalı ömür yolu, əldə etdiyi uğurlar fotoşəkillərdə və yazılarda əksini tapıb.

Nəşrdə 1999-cu ildən Bakı Dövlət Universitetinə rəhbərlik edən A.Məhərrəmovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas məqamları barədə məlumatlar yer alır. Onları oxuduqca hiss edirsən ki, Abel müəllimi elmi-pedaqoji fəaliyyətə aparan yola məhz çalışqanlığı, yüksək intizamlılığı körpü salıb, peşə seçiminə həlledici təsir göstərib. A.Məhərrəmov 1966-1971-ci illərdə BDU-nun kimya fakültəsində təhsil alıb, 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin üzvi kimya ixtisası üzrə əyani aspiranturasına qəbul olunub.

Abel müəllim 1976-cı ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edib və elə həmin ildən BDU-da elmi-pedaqoji fəaliyyətə başlayıb. Burada müxtəlif vəzifələrdə, o cümlədən kimya fakültəsinin dekanı işləyib. Bununla yanaşı, elmdə də inamlı addımlar atıb, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

A.Məhərrəmovun yüksək elmi səviyyəsini, idarəçilik keyfiyyətlərini nəzərə alan ümummilli lider Heydər Əliyev 1999-cu il yanvarın 11-də onu BDU-nun rektoru təyin edib və ona tapşırılan bu vəzifənin öhdəsindən bacarıqla gəlir. Onun vəzifə kürsüsünə insanlara xidmət vasitəsi kimi yanaşması, islahatlara meyilliliyi, işgüzarlığı, çevik idarəçilik bacarığı kadr seçimində heç vaxt yanılmayan Ulu Öndər tərəfindən daim layiqincə dəyərləndirilib. Alim elm və təhsil sahəsində xidmətlərinə görə müxtəlif sanballı mükafatlara layiq görülüb.

Ömrünün 40 ilindən çoxunu peşəkar elmi fəaliyyətə həsr etmiş görkəmli alim A.Məhərrəmov özünü mahir tədqiqatçı kimi təsdiqləyib, gərgin və prinsipial yaradıcı axtarışları ilə fundamental elmlər sahəsində bir sıra yeniliklərə imza atıb. Bu gün elmi fəaliyyətlə yanaşı, BDU-nun rektoru kimi məsul vəzifənin öhdəsindən bacarıqla gələn, dövlətə və xalqa sədaqətli xidməti özünə borc bilən akademikin qələmə aldığı onlarla sanballı monoqrafiya və kitab nəinki ali məktəb tələbələri, hətta peşəkar tədqiqatçılar üçün də zəngin mənbədir.

Mənalı həyat yolu, elmə ürəkdən bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə seçilən akademik A.Məhərrəmov prinsipiallığı, yüksək idarəçilik keyfiyyətlərinə, tədqiqatçılıq əzminə, siyasi mövqeyinə görə də fərqlənir, ziyalı üçün səciyyəvi olan xüsusiyyətləri xarakterində cəmləşdirir. İstər akademik, istər rektor, istərsə də Milli Məclisin deputatı olaraq dövlətçilik ideologiyasına sadiqlik nümayiş etdirməsi, insanpərvərliyi onun zəngin daxili aləmindən qaynaqlanır. İstər BDU-nun beynəlxalq əlaqələrinin genişlənməsində, istər xarici ölkələrə səfərlərində, istərsə də universitetə gələn əcnəbi qonaqlarla görüşlərində akademik A.Məhərrəmov ictimai xadim kimi Azərbaycanın dövlət maraqlarından çıxış edir.

Akademik A.Məhərrəmovun rəhbərliyi ilə BDU-da təhsilin məzmun və formaca yeniləşməsi, aparıcı ölkələrin təcrübələrinin mənimsənilməsi istiqamətində ciddi addımlar atılıb. Bu nüfuzlu ali təhsil ocağında ictimai fəallıq, gənclərin universitetin elmi həyatında və idarəçiliyində rolu yüksəlib. Eyni zamanda, dünya miqyasında universitetin mövqeyi möhkəmlənib, elmi-pedaqoji kadrlarının beynəlxalq elmi konfrans və simpoziumlarda iştirakı həm keyfiyyət, həm də kəmiyyət baxımından artıb.

Bakı Dövlət Universiteti milli ideologiyanın formalaşması, inkişaf etməsi və təbliği sahəsində böyük fəallıq nümayiş etdirir. Novatorluq, məqsədyönlülük, islahatçılıq BDU-nun rektorunu səciyyələndirən xüsusiyyətlərdəndir. Haqqın, ədalətin öz yerini tutması üçün o nəinki zəhmət sərf etməkdən yorulmur, həm də öz prinsiplərindən bir addım belə geri çəkilmir. Prezident İlham Əliyevin təhsil sahəsində qarşıya qoyduğu vəzifələri həyata keçirmək üçün sivil dünyanın ən mütərəqqi yeniliklərinin BDU-ya gətirilməsi, Azərbaycanın elm və təhsil sahələrində tətbiqi akademik A.Məhərrəmovu düşündürən əsas məsələlərdəndir. Ölkəmizdə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti BDU-nun fəaliyyətində də ciddi sürətdə nəzərə alınır.

Aydın mövqeyə malik olmaq ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdəndir və bu, akademik A.Məhərrəmovun şəxsində özünü göstərir. Bu mövqe dövlətçiliyə və ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümunəsidir. Siyasi baxışlarında hər zaman sabit və prinsipial olan akademik bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu prosesində də fəal mövqe nümayiş etdirir.

Akademik A.Məhərrəmovun bilavasitə rəhbərliyi ilə 53 elmlər namizədi (fəlsəfə doktoru) və elmlər doktoru dissertasiya işlərini uğurla müdafiə ediblər. O, 54 ixtira, 19 monoqrafiya, 51 dərslik və dərs vəsaitinin, yüzdən çox publisistik məqalənin müəllifidir. Yerli və xarici jurnallarda mindən çox elmi məqalə və tezisi dərc olunub. Onun müəllifliyi və redaktorluğu ilə BDU-nun tarixi və ölkənin ictimai-siyasi həyatı ilə bağlı 10-dan çox kitab nəşr edilib. Bu gün A.Məhərrəmov təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də kimya elminin görkəmli simalarından biri kimi tanınır. Kimyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların nəticələri, qazandığı elmi nailiyyətlər dünyanın elmi ictimaiyyətinin diqqətini cəlb etməkdədir.

Bir alimin, bir ziyalının portret cizgilərini qabarıq şəkildə əks etdirən nəfis tərtibatlı “Akademik Abel Məhərrəmov. Biblioqrafiya” kitabının elmi redaktoru akademik Tofiq Nağıyev, tərtibçiləri dosent Pərvanə İbrahimova və Anzulə Əmirovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.