REGİONLAR


Akademik Həsən Abdullayevin 100 illik yubileyi Naxçıvanda qeyd olunacaq

Naxçıvan, 1 avqust, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il iyulun 14-də “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il iyulun 27-də imzaladığı Sərəncam ilə “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Tədbirlər Planında “Həsən Abdullayev-100” mövzusunda elmi-konfransın, ümumtəhsil məktəbləri üçün “Həsən Abdullayev: görkəmli fizik” mövzusunda interaktiv dərslərin keçirilməsi nəzərdə tutulub. Muxtar respublikanın kütləvi informasiya vasitələrində Həsən Abdullayevin həyat və fəaliyyətinə həsr olunmuş tematik materiallar hazırlanacaq və bu mövzuda keçirilən tədbirlər geniş işıqlandırılacaq.

Görkəmli Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, respublika Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Həsən Abdullayev 1918-ci il avqustun 20-də Culfa rayonunun Yaycı kəndində anadan olub. O, Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər, bu elm sahəsinin inkişafının başlıca istiqamətlərini də müəyyənləşdirib. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdıran alim uzun illər ərzində Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkili işinə mühüm töhfələr verib, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasında təqdirəlayiq fəaliyyət göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.