ELM VƏ TƏHSİL
Akademik İsa Həbibbəyli: AMEA-da elm sahələri arasında qarşılıqlı əlaqələrin sintezi prioritet istiqamətlərdən biridir
Bakı, 14 iyul, P.İmanova, M.Dadaşov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elm sahələri arasında qarşılıqlı əlaqələrin sintezi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli söyləyib.
Akademik İ.Həbibbəyli deyib: “Bu çərçivədə AMEA-nın humanitar və ictimai elmlər bölmələrini əhatə edən ənənəvi “Fizika və lirika” mövzusunda konfranslar keçirilir. Üçüncü dəfə təşkil edilən konfransda şərti olaraq fizika təbiət elmlərini və dəqiq elmləri, lirika isə bədii yaradıcılığın bütün sahələrini özündə cəmləşdirir. Təbiət elmlərinin ədəbiyyat və bədii yaradıcılıqla, elmi idrakla bədii təfəkkürün qarşılıqlı əlaqəsinin və sintezinin fərqli hansı ədəbiyyatı, sənəti meydana çıxaracağını göstərmək istəyirik. Fundamental elmi tədqiqatlar aparan alimlərimizin bədii yaradıcılığında, təsviri sənət nümunələrində vəsflə yanaşı, dərk etməyə, mahiyyəti açmağa meyil özünü daha çox göstərir. Akademiya mühitində yaranan elm və bədii təfəkkür yeni tipli bədii sənət ortaya qoyur. Yeni tipli bu bədii sənət bütövlükdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına və zənginləşməsinə xidmət edir”.