ELM VƏ TƏHSİL


Akademik Kamal Abdulla: ADU publik hüquqi şəxs olaraq imkanlarından daha səmərəli istifadə edəcək

Bakı, 19 iyun, AZƏRTAC 

Prezident İlham Əliyevin Azərbaycan Dillər Universitetinin (ADU) yenidən təşkili haqqında imzaladığı 2017-ci il 16 iyun tarixli Sərəncamı ilə bağlı iyunun 19-da universitetin rektorluğunun genişləndirilmiş iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, media nümayəndələrinin də iştirak etdikləri iclasda ADU-nun rektoru, akademik Kamal Abdulla gündəlikdəki məsələləri diqqətə çatdırıb. O, ADU ilə bağlı bu cür sərəncamın imzalanmasına və bununla universitetə göstərilən böyük etimada görə dövlətimizin başçısına təşəkkürünü bildirib. Sərəncamı xarakterizə edən rektor bildirib ki, sənədin tələbinə uyğun olaraq universitetin nizamnaməsi yenidən hazırlanacaq, mövcud istiqamətlər genişləndiriləcək. ADU sərəncamdan irəli gələn məsələlərin həlli üçün daha səylə çalışacaq və publik hüquqi şəxs olaraq əldə etdiyi geniş imkanlardan daha səmərəli istifadə edəcək. Universitetin yeni hüquqi statusu ADU-nun bütün potensialını ortaya qoymağa, daha peşəkar və faydalı kadrlar hazırlamağa və müxtəlif sahələrin həmahəng inkişafına nail olaraq mütərəqqi dünya təhsil sisteminə sürətlə inteqrasiya etməyə kömək edəcək.

ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev müvafiq sərəncamın universitetin beynəlxalq arenaya daha rahat çıxması, müstəqil idarəçiliyə başlaması, idarəetmədə səmərəliliyi artırması, hesabatlılıq və maliyyə-təsərrüfat fəaliyyətini daha effektiv qurması baxımından çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Digər çıxış edənlər də universitetə göstərdiyi yüksək etimada görə Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirib, ADU-nun bundan sonrakı fəaliyyətinin səmərəli təşkili üçün var qüvvələri ilə çalışacaqlarını söyləyiblər.

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 2015-ci ildə qəbul olunmasına baxmayaraq, artıq bir sıra qurumlar qeyd edilən hüquqi statusda fəaliyyət göstərməyə başlayıb. Universitetin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi də ilk belə hal deyil. ADU-dan əvvəl Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Fərmanı ilə Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsin Nizamnaməsi təsdiqlənib və bu universitet yeni hüquqi statusda öz fəaliyyətinə başlayıb.

Dövlətimizin başçısının bu təşəbbüsü ölkəmizdə ali təhsil sisteminin daha da təkmilləşdirilməsinə, müasirləşdirilməsinə və dünya təhsil sisteminə daha sürətlə inteqrasiya olunmasına böyük təkan verəcək.

Əsas dünya dilləri üzrə peşəkar kadr hazırlığını həyata keçirən ADU bir müddət sonra publik hüquqi şəxs kimi fəaliyyət göstərməklə öz profilini daha da genişləndirəcək. Belə ki, yeni dillərin və mədəniyyətlərin təkcə ölkəmizdən olan tələbələrə deyil, xarici ölkələrdən də bu universiteti seçən tələbələrə daha keyfiyyətli öyrədilməsi təmin ediləcək. Həmçinin universitetin qəbul ediləcək yeni Nizamnaməsinin tələblərinə uyğun olaraq xarici universitetlər, akademiyalar və digər qurumlar ilə daha sıx əlaqələr qurulmaqla təhsilin keyfiyyəti yüksələcək, bakalavriatura, magistratura və doktorantura təhsili üzrə universitetin verdiyi diplomların beynəlxalq səviyyədə qəbul arealı daha da genişləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.