ELM VƏ TƏHSİL
Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub
Bakı, 25 may, Maqsud Dadaşov, AZƏRTAC
Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda akademik Kamal Talıbzadənin “Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər)” və “Seçilmiş əsərləri” kitablarının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yeni nəşrlər barədə məlumat verib. Bildirilib ki, akademik K.Talıbzadənin Ədəbiyyat İnstitutunda hazırlanan “Seçilmiş əsərləri” AMEA-nın rəyasət heyətinin elmi nəşriyyat şurasının qərarı ilə “Elm” nəşriyyatında çap olunub. Abdulla Şaiqin ev-muzeyində nəşrə hazırlanan “Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər)” kitabında isə akademikin tənqidi görüşləri, Azərbaycan ədəbi tənqidinin tarixi kökləri, müvafiq sahənin əsas cərəyanları olan realist və romantik tənqid, şeirimizin, dramaturgiyamızın inkişaf mərhələləri haqqında elmi araşdırmaları əksini tapıb. Burada K.Talıbzadə tərəfindən ədəbi dil məsələlərinə də münasibət bildirilib.
K.Talıbzadənin həyat və yaradıcılığından danışan İ.Həbibbəyli bildirib ki, görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığı tarixində mühüm xidmətləri olub. Diqqətə çatdırılıb ki, XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin ən görkəmli nümayəndələrindən olan K.Talıbzadə Azərbaycan ədəbi tənqidinə, onun tarixi və nəzəriyyəsinin öyrənilməsinə bütöv bir ömür sərf edib. Yaradıcılığında ədəbi əlaqələrə böyük önəm verən görkəmli alim bu istiqamətdə görülən işləri daha da zənginləşdirib. O, həmişə gəncliyə diqqət göstərib, zəhmətkeş və istedadlı gənclərdən qayğısını əsirgəməyib. K.Talıbzadə iyirminci yüzillik Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslığının geniş elmi portretini yaradıb. Onun qiymətli elmi əsərləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin müasir inkişaf yollarına işıq salır.
İnstitutun əməkdaşı, filologiya elmləri doktoru Vaqif Yusifli “Görkəmli tənqidçi ədəbiyyatşünas Kamal Talıbzadə” mövzusunda məruzəsində bildirib ki, ədəbiyyat tarixçiliyi K.Talıbzadənin tənqidçi təfəkkürünün möhkəm dayağıdır. Ədəbi prosesin təqdimatında ədəbiyyat tarixinin faktlarına və hadisələrinə əsaslanmaqla, ədəbi gedişata istinad etməklə fikir və mülahizə yürütmək, dərin elmi ümumiləşdirmələr aparmaq alimin tənqidçi kimi münasibətini ifadə edən baxışlarının təzahürüdür.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Azadə Hüseynova, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu və başqaları çıxış edərək, XX əsr Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndəsi K.Talıbzadənin ənənəvilik və müasirlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini bildirib, alimi Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşmasında mühüm rol oynamış cəsarətli və obyektiv tənqidçi kimi səciyyələndiriblər.
Tədbirdə tanınmış elm və mədəniyyət nümayəndələri, Ədəbiyyat İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin, Abdulla Şaiqin ev-muzeyinin əməkdaşları iştirak ediblər.