MƏDƏNİYYƏT
Akademik Milli Dram Teatrı 142-ci teatr mövsümünü açıb
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 142-ci teatr mövsümünün açılışı ilə bağlı keçirilən mətbuat konfransında teatrın direktoru İsrafil İsrafilov deyib.
Direktor teatrın cari mövsüm ərzindəki fəaliyyəti - planlaşdırılan yeni tamaşalar, beynəlxalq festivallar, qastrol səfərləri və s. tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, mövsümün ilk premyerası sentyabrın 19-da Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanmış tamaşa olacaq.
Teatrın beynəlxalq festivallarda iştirakından danışan direktor qeyd edib ki, teatr oktyabrın 3-də Tbilisidə keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək. İ.İsrafilov, həmçinin vurğulayıb ki, teatr oktyabrın 11-dən 15-dək Albaniyada keçiriləcək daha bir festivala dəvət alıb. Yaradıcı kollektiv hər iki festivalda “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış “İlahi oyun” tamaşası ilə çıxış edəcək.
Direktor 141-ci teatr mövsümünün maraqlı yeniliklərlə diqqət çəkdiyini qeyd edərək bildirib ki, keçən mövsümdə 10 tamaşa təhvil verilib. Onlardan 9-u teatrın daxili imkanları hesabına, “Əmir Teymur” tamaşası isə dövlət sifarişi ilə hazırlanıb. Eyni zamanda, 2 monotamaşa hazırlanıb təhvil verilib.
Dövlət Akademik Milli Dram Teatrının rəhbəri 2015-ci ildə Xəzəryanı ölkələrin beynəlxalq teatr festivalını keçirmək istədiklərini də deyib. Eyni zamanda, xarici ölkə teatrları ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.
İ.İsrafilov Azərbaycan teatrında rejissor, dramaturq, rəssam, o cümlədən reklam sahələrindəki mövcud problemlərdən də söz açıb.
Mətbuat konfransından sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında Xalq Artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanan “Qarabağnamə” tamaşası ilə 142-ci mövsümünü açıb.