MƏDƏNİYYƏT
Akademik Milli Dram Teatrında ilin ilk tamaşası
Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 2017-ci ildə teatrsevərləri ilk olaraq “Ölülər” tamaşası ilə salamlayacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 13-də sözügedən tamaşa sənət ocağının səhnəsində nümayiş olunacaq.
Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli komediya-tamaşa teatrın direktoru və bədii rəhbəri, Xalq Artisti Azərpaşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə Anar Sadıqov və Əlif Cahangirlidir.
Tamaşada görkəmli bəstəkar, SSRİ Xalq Artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
Xronometrajı 130 dəqiqə olan tamaşada mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla canlandırılacaq.
Bu dəfə də “Ölülər”in Şeyx Nəsrullahı Xalq Artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətov olacaq.
Səhnə əsərində digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli və başqaları ifa edəcək.