MƏDƏNİYYƏT


Akademik Milli Dram Teatrının “Vəsiyyət”i maraqla qarşılanıb

A+ A

Bakı, 26 noyabr, Ceyhun Alışlı, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 144-cü teatr mövsümünün yeni səhnə əsərlərindən olan “Vəsiyyət” tamaşası noyabrın 26-da teatrsevərlərə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında hazırlanan ikihissəli tamaşa Əməkdar Artist Firudin Məhərrəmovun quruluşunda səhnələşdirilib.

Çağdaş ədəbiyyatımızın görkəmli dramaturqu Hüseynbala Mirələmov bu dəfə də ənənəsinə sadiq qalaraq qələmə aldığı əsərdə hadisələri ədəbi fakturaya çevirərək maraqlı və olduqca düşündürücü bədiilik ovqatı yaratmağa çalışıb. Tamaşaçı dramaturqun düşüncələrinin obyektivliyini asanlıqla müşayiət etməklə yanaşı, onun hansı məsələləri qabardaraq çatdırmaq istədiyini asanlıqla qavrayır.

Pyeslərində hər zaman həyatda baş verən acı həqiqətləri, əsl ailə münasibətlərini, milli dəyərlərimizə kölgə salacaq mənəviyyat dəllallarının əməllərini və var-dövlət düşkünlərinin aqibətinin sonunu ön plana çəkən dramaturq, “Vəsiyyət” vasitəsilə də insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir. Dövran adlı milyonerin öz yaxınlarına vəsiyyətindən bəhs olunan tamaşada gülüş doğuran hadisələrlə yanaşı, insanları düşündürən, onları düzlüyə, halallığa səsləyən məqamlar da yetərincədir.

Aktyorlar Vüqar Məmmədov və Dilbər İsmayılovanın idarə etdiyi səhnə əsərində obrazları Əməkdar artistlər Abbas Qəhrəmanov, Mirzə Ağabəyli, Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva, Kazım Həsənquliyev, aktyorlar Rövşən Kərimduxt, Ləman İmanova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, İlahə Həsənova, Fəridə Şahbazova və Ramin Şıxəliyev ustalıqla canlandırıblar.

Tamaşanın rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Yaşından asılı olmayaraq tamaşaya baxanlar üçün böyük tərbiyəvi əhəmiyyəti olan səhnə əsəri aktyor oyunu, rejissor düşüncəsi, musiqi məziyyəti, gözəl dekorasiyası və bir sıra xoşməramlı üstünlükləri ilə maraq doğurub, böyük alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.