MƏDƏNİYYƏT


Akademik Milli Dram Teatrının hazırladığı tamaşanın Bolqarıstanda premyerası olub

Sofiya, 10 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nümayəndələri ölkəmizi ilk dəfə olaraq Bolqarıstanın Varna şəhərində keçirilən “Ulduzlara doğru” (Ad Astra) Beynəlxalq Monodram Teatr Festivalında təmsil etdilər.

AZƏRTAC xəbər verir ki, festival YUNESKO nəzdində Beynəlxalq Teatr İnstitutunun himayəsi altında Varna bələdiyyəsinin dəstəyi ilə hər il Varna şəhərində keçirilir. “Ulduzlara doğru” festivalı Bolqarıstanda monodrama həsr olunan ilk beynəlxalq tədbirdir. Festivalın məqsədi görkəmli yerli və beynəlxalq teatr xadimlərini bir araya gətirməkdir. İndiyədək festivalda Danimarka, Polşa, Gürcüstan və digər ölkələrdən teatr nümayəndələri iştirak ediblər.

Tədbirin Azərbaycana həsr olunan altıncı günündə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ayşad Məmmədovun ssenari müəllifi olduğu ”İuda” monopyesi səhnəyə qoyulub. Tamaşanın rejissoru Anar Sadıqovdur. Gecənin açılışında festivalın ənənəsinə uyğun olaraq Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova tərəfindən festival təşkilatçıları və iştirakçılarına ünvanlanmış müraciət oxunub. Məktubda teatrın özünüifadə vasitəsi olması, sivilizasiyalar arasında ünsiyyət aləti kimi qəbul edilməsi bildirilir. Qeyd olunur ki, teatr cəmiyyətin güzgüdə özünü imtahan etməsi üçün mədəni məkandır və cəmiyyəti anlamaq üçün vacib incəsənət forması olaraq qalır. Müraciətdə Azərbaycanda teatr inkişafının qədim tarixə malik olması barədə məlumat verilir. Məktubda, həmçinin 10 mart 1873-cü il tarixində bir qrup Azərbaycan ziyalısı tərəfindən M.F.Axundovun “Hekayəti Vəziri Xani Lənkərani” komediyasının səhnələşdirildiyi və həmin tarixin ölkəmizdə Milli Teatr günü kimi qeyd olunduğu bildirilir. Bunun ardınca Bakı və Azərbaycanın digər bölgələrində həvəskar aktyor truppalarının meydana gəldiyi və bu prosesin Azərbaycanda teatrın inkişafına təkan verdiyi vurğulanır. Müraciətdə, həmçinin ölkəmizdə teatr sənətinə dövlət dəstəyindən bəhs edilir və qeyd olunur ki, son illər Azərbaycan teatrla bağlı bir sıra tədbirlərə ev sahibliyi edib. Bildirilir ki, 2010-cu ildən etibarən hər iki ildən bir Bakıda Beynəlxalq Teatr Konfransları keçirilir. 2011-ci ildə ölkəmizdə ilk Beynəlxalq Kukla Teatrı Festivalı təşkil olunub. Müraciətdə sözügedən festivalın Azərbaycanın zəngin mədəniyyətinin Bolqarıstan sənətsevərlərinə çatdırılmasında bir vəsilə olduğu vurğulanır və bu baxımdan təşkilatçılara dərin minnətdarlıq ifadə olunur.

Aktyor A.Məmmədovun çıxışı bolqar teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Bolqarıstanın İvan Vazov adına Milli Teatrının direktoru Marius Donkinin iştirak etdiyi premyerada aktyor A.Məmmədov festivalın mükafat və diplomu ilə təltif edilib.

Qeyd edək ki, tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti isə Firuzə Balayevadır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.