CƏMİYYƏT


Akademik Mirməmməd Cavadzadənin 90 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib

Bakı, 1 iyun, AZƏRTAC

Milli urologiyanın inkişafında akademik Mirməmməd Cavadzadənin müstəsna xidmətləri var. Urologiya təcrübəsində ilk dəfə olaraq prostat vəzi və sidik kisəsində cərrahi əməliyyat zamanı çanaq sümükdaxili anesteziya tətbiqi, tibbi təcrübədə hemodializ əməliyyatının ilk seansının iştirakçılarından biri, ölkəmizdə həmin əməliyyatın əsasını qoyan və Cənubi Qafqazda ilk dəfə terminal böyrək köçürülməsi əməliyyatlarının aparılması onun adını tibb tarixinə əbədi olaraq həkk edib. Məşhur uroloq-cərrahın 60 ilə yaxın tibbi fəaliyyətinin 34 ili Həkimləri Təkmilləşdirmə İnstitutu ilə qırılmaz surətdə bağlıdır. Professor Cavadzadə 1974-cü ilin dekabrından ömrünün sonunadək həmin institutun rektoru işləyib. O vaxtadək geridə qalmış tibb müəssisəsi məhz onun başçılığı altında istər tədris, istər elmi axtarışlar sahəsində yeni bir mərhələyə çıxıb. Akademikin rəhbərliyi dövrdə institutda nefrologiya, anesteziologiya və reanimatologiya kafedrası yaradılıb və 51 nəfər elmlər doktoru və 152 nəfər isə elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib, çoxlu monoqrafiya, dərslik, metodiki tövsiyə və 700-dən artıq elmi məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən elmi-praktik konfransda bütün bunlar bir daha xatırlanıb, məşhur uroloq-cərrahın keçdiyi şərəfli ömür yolu yad edilib. İnstitutun rektoru, professor Nazim Qasımov akademikin keçdiyi həyat yolu, tibb elminə gətirdiyi yeniliklər və elmi kəşfləri barədə ətraflı məruzə edib. Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdirləri Teymur Qafarov və Elmira Qədimova, hemodializ şöbəsinin müdiri Fariz Babayev həkim, cərrah və rəhbər kimi Mirməmməd Cavadzadənin müsbət keyfiyyətlərindən bəhs ediblər. Natiqlərdən birinin çıxışında səslənən sözlər onu tanıyan hər kəsin ürəyindən xəbər verirdi: ”Biz Cavadzadə haqqında keçmiş zamanda danışa bilmirik. O, bizim üçün hələ xatirələrə çevrilməyib, əvvəlki kimi canlıdır, diridir və bizimlə bir yerdədir. Elə gün, elə tədbir, elə məclis olmaz ki, ondan sitat gətirməyək, onun öyrətdiklərindən bəhrələnməyək və onun adını dəfələrlə çəkməyək...”

Mərhum akademikin oğlu, tibb elmləri doktoru, professor Samir Cavadzadə atasına göstərdikləri hörmət və ehtiram üçün konfrans iştirakçılarına təşəkkürünü bildirib.

Elmi-praktik konfrans məşhur cərrah-uroloqun haqqında çəkilmiş “Bir adamın akademiyası” filminin nümayişi ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.