SİYASƏT


Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı italyan dilində çap olunub

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı İtaliyanın “Eurasian Books” nəşriyyatında italyan dilində çap olunub.

AZƏRTAC xəbər verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən kitabda problemin yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif qiymətli mənbələr yer alıb. Bundan başqa, kitabda bölgədə ermənilərin xeyrinə həyata keçirilən demoqrafik dəyişikliklərdən, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesinin vəziyyətindən, beynəlxalq təşkilatların bu məsələdə tutduğu mövqedən, xüsusilə təcavüzkar Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələri yerinə yetirməməsindən, eləcə də münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyindən bəhs edilir. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir. Müəllif çoxsaylı mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki faktlara istinad edərək Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübuta yetirir.

Bu fundamental elmi əsərin italyan dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Kitab Dağlıq Qarabağın tarixinə, münaqişənin başvermə səbəblərinə, onun doğurduğu acı nəticələrə dair obyektiv və səhih məlumatlar əldə etmək istəyən italyandilli oxucular üçün dəyərli mənbə rolunu oynayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.