ELM VƏ TƏHSİL
Akademik Tofiq Hacıyev: Sələflərin irsinin dərindən öyrənilməsi vacibdir
Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin 150 və akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunan “Sələflər və xələflər” birinci beynəlxalq simpoziumu işini oktyabrın 23-də davam etdirib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev simpoziumda Azərbaycan Prezidenti İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb. Türkologiya elminin inkişaf mərhələlərindən bəhs edən alim sələflərin irsinin dərindən öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti barədə məlumat verilib. Vurğulanıb ki, görkəmli Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi Əli bəy Hüseynzadə XX əsr Azərbaycan-türk ictimai fikrinin tanınmış nümayəndələrindən biri olub. O, alimliklə yanaşı, həkim, rəssam, şair, tənqidçi, jurnalist kimi fəaliyyət göstərir, türk, fars, ərəb və rus dillərini yaxşı bilirdi.
Türkiyəli professorlar Şükrü Haluk Akalın, Zeynəb Korkmaz, Yavuz Akpinar və digər alimlər də Əli bəy Hüseynzadənin xidmətlərindən danışıblar.
Tədbirdə “Turançılıq və ortaq türkcə dəyərlərinin Əli bəy Hüseynzadə mərtəbəsi”, “Əli bəy Hüseynzadə və Azərbaycan dili”, “Həqiqətin dili, dilin həqiqəti Əli bəy Hüseynzadə yaradıcılığında” və digər mövzularda məruzələr dinlənilib.
Ayrı-ayrı xarici ölkələrdən, o cümlədən Türkiyə, Polşa, Albaniya, Qazaxıstan, Ukrayna, Özbəkistandan olan nümayəndələrin qatıldıqları Beynəlxalq simpozium oktyabrın 24-dək davam edəcək.