ELM VƏ TƏHSİL
Akademik Vаqif Fərzəliyev: Respublikada xüsusi təyinatlı sürtkü materiallarının istehsalının təşkili ən aktual problemlərdəndir
Bakı, 28 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi münasibətilə çıxışında alimlərimiz qarşısında mühüm vəzifələr qoyub, eləcə də iqtisadiyyatın inkişafı, müdafiə gücünün artırılması istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bununla əlaqədar AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda müasir tələblərə və standartlara cavab verən müxtəlif təyinatlı – motor, transmissiya, hidravlik və digər sürtkü yağlarının hazırlanması və istehsalının təşkili istiqamətində intensiv elmi-tədqiqat işləri aparılır. Yaradılmış sürtkü materiallarının istehsalı müasir standartlara uyğun texnoloji qurğulara malik AMEA-nın Təcrübə-Sənaye Zavodunda həyata keçirilir. Qeyd etmək lazımdır ki, sürtkü materialları strateji materiallar sırasına daxildir və müharibə şəraitində olan Azərbaycan üçün bu materialların, ilk növbədə, xüsusi təyinatlı sürtkü materiallarının respublikada istehsalının təşkili ən aktual problemlərdəndir.
Bu barədə AZƏRTAC-a institutun direktoru, akademik Vаqif Fərzəliyev məlumat verib.
V.Fərzəliyev diqqətə çatdırıb ki, həmin zavodda müxtəlif təyinatlı sürtkü yağlarının, sürtkülərin istehsalını və istehlakını təmin edən normativ-texniki sənədlərin işlənməsi Aşqarlar Kimyası İnstitutu tərəfindən həyata keçirilir. Təkcə bir məqamı qeyd etmək kifayətdir ki, ötən il 16 adda sürtkü materialının texniki şərtləri işlənilib və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilib. Hazırda Təcrübə-Sənaye Zavodunda istehsal olunan sürtkü materialları respublikanın bir sıra təşkilatları tərəfindən istifadə edilir.
Akademik bildirib ki, rəhbərlik etdiyi elmi müəssisə tərəfindən xüsusi təyinatlı sürtkü materiallarının yaradılması və istehsalının təşkili ilə əlaqədar Hərbi Sənaye Nazirliyinə birgə fəaliyyət proqramı təklif olunub.