REGİONLAR
Akademik Zərifə Əliyeva Azərbaycan tibb elminin zirvəsində parlayan əbədiyyət Günəşidir
Cəlilabad, 28 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 28-də akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbində görkəmli oftalmoloq-alimin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının nümayəndələri, səhiyyə və təhsil işçiləri, ictimaiyyətin təmsilçiləri əvvəlcə məktəbin həyətində akademik Zərifə Əliyevanın abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov akademik Zərifə Əliyevanın adının Azərbaycanda böyük fəxrlə, sonsuz qürur hissi ilə çəkildiyini vurğulayaraq bildirib ki, Zərifə Əliyeva Azərbaycanda tibb elminin zirvəsində parlayan əbədiyyət Günəşidir. Qeyd olunub ki, Zərifə Əliyeva XX əsr Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynamaqla böyük elmi professional fəaliyyət yolu keçib, 1959-cu ildə namizədlik, 1976-cı ildə isə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda doktorluq dissertasiyaları müdafiə edib. Görkəmli oftalmoloq ötən əsrin 50-ci illərində öz xeyirxah sənəti ilə əsl vətəndaş mövqeyində dayanaraq, traxoma xəstəliyinin qarşısını almaq üçün ciddi və məqsədyönlü müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsində fəal iştirak edib. Onun məqsədi nəyin bahasına olursa-olsun, tezliklə Azərbaycanda traxoma xəstəliyini törədən səbəbləri aşkar edib aradan qaldırmaq, onun optimal müalicə üsullarını tapmaq, münasib profilaktik tədbirləri vaxtında və yetərincə həyata keçirməkdən ibarət idi. El məhəbbətindən, insanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirlərin həyata keçirilməsi ağır zəhmət, fiziki və zehni gərginlik, uzunmüddətli vaxt tələb edirdi. Zərifə Əliyeva Azərbaycanın bütün rayonlarını kəndbəkənd gəzərək traxoma ocaqlarını aşkar etdi, yerindəcə geniş profilaktik tədbirlər, özünün tərtib etdiyi müalicə üsullarını həyata keçirdi. Məhz akademikin fəaliyyəti bu ağır xəstəliyin qarşısının alınmasında başlıca rol oynadı.
Tədbirdə çıxış edənlər Zərifə Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söhbət açaraq, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Mərasimdə məktəbin şagirdləri ana haqqında mahnılar ifa ediblər.