CƏMİYYƏT
“Akademik Zərifə Əliyeva” gəmi-bərəsi sahilə yan almaq üzrədir [YENİLƏNİB]
“Akademik Zərifə Əliyeva” gəmi-bərəsi təhlükəsiz vəziyyətdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İrgiz” yedək gəmisi ilə sahilə yan almaq üzrədir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gəmi heyəti özünü yaxşı hiss edir. Hazırda gəminin baş mühərrik bölməsində elektrik naqillərinin hansı səbəbdən tüstüləndiyi araşdırılır. Gəmiçiliyin sədri Rauf Vəliyev və texniki direktor Nurməhəmməd Talıbov da hazırda gəmi-bərənin göyərtəsindədir.
Xatırladaq ki, yanvarın 12-də saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstüləmə müşahidə edilib. Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb.
15:52
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-də saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstüləmə müşahidə edilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb.
Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.