REGİONLAR
Akademik Zərifə Əliyeva səmimiliyi və insanların köməyinə çatması ilə hər kəsin hörmətini qazanmışdı
İsmayıllı, 27 aprel, AZƏRTAC
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva tibbi tədqiqatların istedadlı təşkilatçısı, görmə orqanının peşə patologiyası məsələləri üzrə böyük mütəxəssis, dərin təfəkkürə, zəngin pedaqoji təcrübəyə malik alim idi. O, sovetlər birliyində ilk dəfə olaraq sənaye istehsalının müxtəlif sahələrində, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsinə, profilaktikasına, Azərbaycanda o vaxtlar geniş yayılan traxomanın müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İvanovka kəndində akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilən anım mərasimində danışılıb.
Kənd xəstəxanasında keçirilən tədbirdə baş həkim Marina Prokofyeva Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndə Olqa Jabina və veteran jurnalist Valeh Salehovun çıxışları dinlənilib.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev 1981-ci il iyulun 22-də Zərifə xanım Əliyeva ilə birgə İsmayıllıya, rusların məskunlaşdığı İvanovka kəndinə gəlmişdi. O vaxt İvanovkada mehmanxana yenicə istifadəyə verilmişdi. Mehmanxananın ilk qonaqları da Azərbaycanın siyasi və elm tarixinin bu iki korifeyi - Heydər Əliyev və Zərifə xanım Əliyeva olmuşdu... İvanovkalılar indi də onları hörmətlə yad edir, xatirəsini əziz tuturlar. Diqqətə çatdırılıb ki, Zərifə xanım səmimiliyi, başqalarının köməyinə çatması, ən ağır anlarda insana dayaq durması ilə hər kəsin hörmətini qazanmışdı.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, İsmayıllıda İvanovka kəndi ilə yanaşı Topçu, Tircan, Qalacıq, Kürdmaşı, Hacıhətəmli, Qalınçaq, Qubaxəlilli kəndlərində, Basqal və Lahıc qəsəbələrində də akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunan tədbirlər keçirilib.