CƏMİYYƏT
Akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilən tibbi aksiya keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
Əməkdar Elm Xadimi, tibb elmləri doktoru professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xalqımız qarşısında misilsiz xidmətləri olub. SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü və Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini Zərifə xanım Əliyeva xeyirxah əməlləri ilə xalqımızın yaddaşlarında silinməz xatirələrlə yaşayır.
Sadəliyi və təvazökarlığı ilə nümunə olan, görkəmli ictimai xadim Zərifə xanım xeyirxah və nəcib bir insan kimi ölkəmizin hər bir bölgəsində insanlar arasında olub, onlara yardım etməyi özünün həyat amalı hesab edib. Məhz onun fədakarlığı ilə o dövrdə çox geniş yayılmış traxoma və bir sıra göz xəstəlikləri tam müalicə olunaraq demək olar ki, ölkəmizdə tamamilə aradan qaldırılıb. Daim ürəklərdə yaşayan Zərifə xanım Əliyeva baharın ən gözəl ayı olan apreldə dünyaya gəldiyi kimi, bu ayda da həyata gözünü yumub.
Bu mənada onun əziz xatirəsi bu günədək ölkəmizin bütün bölgələrində minnətdarlıqla yad edilir və ona sonsuz ehtiramlar bildirilir. Məhz bunun nəticəsidir ki, hər il aprelin ilk günlərindən başlayaraq, ölkəmizin hər yerində keçirilən və ənənəyə çevrilmiş müxtəlif tədbirlərdə xalqımız Zərifə xanıma olan böyük sevgisini bildirir.
Yeni Azərbaycan Partiyası da hər il xalqımızın ləyaqətli və fədakar qızı olan Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş silsilə tədbirlərlə onun unudulmaz xatirəsini yad edir.
Bu günlərdə partiya tərəfindən Bakı şəhəri üzrə görmə qabiliyyətini tam itirmiş insanların hər tərəfli tibbi müayinəsinin təşkili də Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edilib.
Bir həftə ərzində keçiriləcək bu tibb aksiyasında 200-ə yaxın qayğıya və diqqətə ehtiyacı olan insanın tam müayinədən keçməsi nəzərdə tutulub.
Tibbi aksiya 3 saylı şəhər poliklinikasında tanınmış və təcrübəli həkimlər tərəfindən aprelin 28-də həyata keçirilib.